Araz Ataxan: “Quzeydə Azərbaycan dövlətinin varlığı Güney Azərbaycan üçün milli güvən və qürur mənbəyidir” “Bu gün millətimiz Azərbaycanın üçrəngli bayrağını sevir, özününkü bilir, Azərbaycan dövlətini öz dövlətləri bilirlər və küçələrə çıxaraq “Yaşasın Azərbaycan!” deyir” Araz Ataxan Güney Azərbaycanın Urmu şəhərində anadan olub. Urmu Universitetinin Kimya mühəndisliyi fakültəsini bitirib. Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) təsis olunandan onun üzvüdür.
2006-cı ilin mayında Güney Azərbaycanda baş verən hadisələrin iştirakçısı olub. Elə həmin ildən öz doğma el-obasını tərk etmək məcburiyyətində qalıb. Hazırda Niderland Krallığında mühacirətdə yaşayır və GAİP-in Hollandiya üzrə təmsilçisidir.
- GAİP çox gənc bir partiyadır. Ancaq buna baxmayaraq, qısa zamanda bir çox uğurlara imza atıb. Partiyanızın üzvlərinin də əksəriyyətini gənclər təşkil edir. Partiyanız həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərir. Bununla bağlı partiyanın bir gənc fəal üzvü kimi oxucularımıza qısa arayış verə bilərsinizmi?
- GAİP 2004-cü ildə milli fəalların təşəbbüsüylə yaradılıb. Qısa zamanda çox inkişaf edib və bu gün də İran adlanan ölkəni təhdid edən əsas alternativ sayılır. Ona görə də Güney azərbaycanlıları tərəfindən sevilir və dəstəklənir. Bu gün Güney Azərbaycanda qalib düşüncə istiqlaliyyətdir. Bu səbəbdən GAİP-ə maraq bütün təşkilatlardan çoxdur. Çünki GAİP aşkarcasına İran dövlətçiliyini rədd edir ve yerinə Azərbaycan dövlətini qurmaq istəyir. Bu sahədə GAİP ciddi fəaliyyət göstərir. Fəaliyyətimiz daxildə və xaricdə günbəgün genişlənir. Bir çox ölkələrdə GAİP-in rəsmi təmsilçilikləri fəaliyyət göstərir. Daxildəki (Güney Azərbaycanda) fəaliyyətimiz başqadır, yəni orada açıq deyil, gizli şəkildə fəaliyyət göstərməyə məcburuq.
Bu baxımdan Güney Azərbaycanın bütün şəhərlərində gizli özəklər təşkil olunub və güclü şəkildə fəaliyyət göstərməkdədirlər. Bildiyiniz kimi, Güney Azərbaycan Milli Hərəkatı fəallarının əksəriyyətini gənclər təşkil edir, bu gənclərin də çoxu istiqlalçıdır və təbii olaraq partiyamızı dəstəkləyirlər.
- Bu gün mühacirətdə yaşayırsınız. İstərdim sizin kimi sürgündə yaşayan soydaşlarımızın, özəlliklə gənclərin durumundan danışasınız. Mühacirətdə yaşadığınız bir halda Güney Azərbaycanın azadlığı üçün necə mücadilə edirsiniz?
- Ən ağrılı yerimə toxundunuz. Vətən həsrətiylə yaşamaq, qürbət acısını dadmaq, ailəsindən uzaq qalmaq, maddi-mənəvi sıxıntılar çəkmək sürgündə yaşayan Güney azərbaycanlılarının həyat tərzinə çevrilib. Soydaşlarımızın bir hissəsi Güney Azərbaycanda fars istismarçılığının və iqtisadi talanının nəticəsində işsizlikdən sürgün düşüb, başqa hissəsi siyasi səbəblərdən ölüm təhlükəsiylə üz-üzə qaldığına görə məcburən mühacirət həyatına qatlanıblar. Kənardan baxanda xaricdə yaşayanların durumu yaxşı kimi görünür, ancaq yuxarıda saydığım sıxıntıları nəzərə alsaq, heç də rahat deyil. Lakin bunlara baxmayaraq, Vətənimizi sevən soydaşlarımız ciddi şəkildə mücadiləyə davam edir və vaxtaşırı aksiyalar keçirməklə, beynəlxalq qurumlarla görüşməklə Güney Azərbaycanın haqq səsini dünyaya eşitdirməyə çalışırlar. Bu da həqiqətən təqdirəlayiqdir.
- İran zaman-zaman gizli şəkildə Azərbaycanın daxili işlərinə qarışıb. Amma son dönəmlər bunu açıq şəkildə edir. Hətta Azərbaycan rəhbərlərini belə təhqir etməkdən çəkinmir. Gənclərin beynini dinçilik, bədənlərini isə narkotiklə zəhərləyir. “Səhər” telekanalıyla millətimizi təhqir edir. Sizcə, fars rejminin ölkəmizin daxili işlərinə belə açıq şəkildə müdaxiləsinin səbəbləri nədir?
- GAİP-in bir siyasi formulu var, o da budur ki, İran varsa, Azərbaycan yoxdur, yəni Azərbaycan yaşadıqca İran yox olmağa məhkumdur. Buna görə də Azərbaycanın quzey hissəsinin bağımsız dövləti İran işğalçı dövlətinə ən böyük təhdiddir. Çünki hər bir güneylidə bu şüuru yaradır ki, nədən bizim bir hissəmiz müstəqil dövlətdir, amma biz İranın işğalı altındayıq. Quzeydə Azərbaycan dövlətinin varlığı Güney Azərbaycan üçün milli güvən və qürur mənbəyidir. Bu da Güney Azərbaycanda dövlətçilik ideyasını gücləndirir. Quzeydə Azərbaycanın iqtisadiyyatının güclənməsi Güney Azərbaycanın bağımsızlığına və Azərbaycan Respublikasıyla birləşməsinə gətirib çıxaracağı qaçılmazdır. Bu gün Güney Azərbaycanda millət İran bayrağını deyil, Azərbaycanın üçrəngli bayrağını sevir və özününkü bilir. İran dövlətini deyil, Azərbaycan dövlətini öz dövlətləri bilirlər, xalq Güney Azərbaycanda küçələrə çıxaraq “Yaşasın Azərbaycan!” deyir, İran yox. Təbii ki, bu da İranın kabusudur. Millət küçələrə çıxaraq “Təbriz, Bakı, Ankara, biz hara, farslar hara!” kimi şüarlar verir. Bunları nəzərə alanda İranın nədən Azərbaycanı qəbul edə bilməməsi aydınlaşır. İran adlanan ölkənin müxaliflərinə qarşı siyasətlərindən biri də narkotikdir. Bu gün dünyada ən çox narkoman İrandadır. İran dövləti özü gəncləri narkotikə bulaşdırır ki, onlar siyasətə qarışmasınlar. Bu rejimin çirkin cinayətlərindən biridir. Din məsələsinə gəldikdə elə bu hakimiyyətin cinayət və fəsadlarından dolayı bu gün Güney Azərbaycanda və İran adlanan ölkənin başqa məntəqələrində dinsizləşmə gedir, yəni gənclər bu qədər cinayətin islam adıyla işləndiyini gördükdə islamdan qaçır. Öz hakimiyyəti altında heç bir bazaya sahib olmayan rejim əlbəttə Azərbaycan Respublikasında bizim soydaşlarımızın dini hisslərindən məqsədli şəkildə istifadə etməkdədir. Zamanında Güney Azərbaycanda soydaşlarımızın dini hisslərindən istifədə edərək onları döyüşlərdə və ya inqilabda istifadə etdilər, ancaq bu da keçicidir. Biz inanırıq ki, quzeyli soydaşlarımız da bunların mahiyyətini gec-tez başa düşəcəklər. Bunun üçün Azərbaycanın quzey və güney hissəsindəki gənclər bir-biriləriylə daha çox əlaqədə olmalıdırlar ki, İranın islam adı altında apardığı cinayətləri tanısınlar. Quzeydə insanlarımız güneyli soydaşlarının gözüylə baxsalar, nə “Səhər” kanalına, nə də molla hiylələrinə əsla aldanmazlar. Bu səbəbdən əlaqə mütləq yaranmalıdır.
- Bu gün ərəb dünyasının, eləcə də Orta Şərq və Afrikanın çalxalanmasının şahidiyik! Çoxları ehtimal edir ki, bu inqilablar İrana da çatacaq. Əgər belə olarsa, bu nə ilə nəticələnə bilər?
Güney Azərbaycan bundan necə çıxar əldə edə bilər?
- Ərəb dünyasında olaylar baş vermədən əvvəl biz demişdik ki, İran saatlı bir bombadır və bunun ipi də orada yaşayan millətlərin əli ilə çəkilib, təkcə partlayış zamanını bilmirik, amma bu da yaxındadır. Əslinə baxsaq, ərəb dünyasındakı olaylar bir az İranda bu partlayışın baş verməsini təxirə saldı. Çünki onsuz da İran gec-tez dağılmağa və çökməyə məhkumdur. Ərəb dünyasında baş verənlərə diqqətlə baxanda görürük ki, bu olaylar İranın üzərindən xarici təzyiqləri bir az azaltdı və hazırda İran özünü toparlamağa cəhd göstərir. Bundan başqa, fars rejimi ilk gündən Orta Şərqdə böhran yaratmaqla öz hakimiyyətini sürdürüb. Yəni İran 30 ildən artıqdır farslaşmış islam və təhrif olunmuş şiəçilik üzrə siyasət aparır. Həmin farslaşmış islamı əsas götürərək bölgədə, özəlliklə də ərəb dünyasında qarışıqlıq yaratmaqla məşğul olub. Bu gün Fələstin-İsrail davasının sonuclanmamasına səbəb olan əsas amillərdən biri də İrandır. Önəmli olan məsələlərdən biri də budur ki, ərəb inqilablarının mahiyyətlərini İranın bugünkü durumuyla müqayisə etmək yanlışdır. Çünki ərəb ölkələrindəki inqilablar hökumətdə islahat aparılması mahiyyətini daşıyır, yəni orada dövlətçiliyə və ərazi bütövlüyünə toxunulmadan dəyişikliklər baş verir.
Amma bu gün İranın durumu çox fərqlidir. Bu gün İran hakimiyyəti yox, bəlkə dövlətçiliyi devrilmək ərəfəsindədir. İranda hər hansı bir hərəkat və ya çevriliş ölkənin dağılmasıyla sonuclanacaq. Çünki İran əhalisinin 70 faizdən çoxunu qeyri-fars millətləri təşkil edir və bu gün də həmin millətlərin apardığı mübarizə bağımsızlıq və öz müqəddəratını təyin etmək uğrundadır. Bu hərəkatların ən güclüsü isə Güney Azərbaycan Milli Hərəkatıdır ki, İranın varlığını və dövlətçiliyini çökəcək hala gətirib. Bu gün də Milli Hərəkatımızın istəyi, rejimə qarşı səsləndirdiyi şüarlar və farsların irançılıq siyasətinə yox demələri bütün dünyaya aydındır. Ona görə də İran daxilindəki millətlərin istiqlal hərəkatının ərəb dünyasında gedən islahat dalğasıyla önəmli və dərin siyasi fərqləri var.
Bir sözlə, hər hansı bir dəyişikliyin İranın dağılmasıyla sonuclanacağı qətidir.
- İran adlanan ölkədə 2009-cu ildəki prezident seçkilərindən sonra “yaşıl hərəkat” adlı bir müxalifət cəbhəsi ortaya çıxdı, ancaq bu dalğa yalnız fars bölgələri ilə sərhədləndi. Yəni qeyri-fars millətləri bu hərəkata qoşulmadılar. Demək istədiyim “yaşıllar” millətimizi, özəliklə də gəncləri Güney Azərbaycanda meydanlara çıxarmaq üçün çox çalışdılar. Amma istədiklərinə nail ola bilmədilər. Bəs nədən bu baş vermədi?
- Bayaq bu məsələyə ötəri toxundum, ancaq daha da açıqlıq gəlsin deyə, hər iki hərakatın içərisindəki millətlərin öz istəklərini səsləndirdikləri şüarlardan örnək gətirməklə cavab verim. Farsların “yaşıl hərəkat”ı deyir ki, bizim nəslimiz ariyadan gəlib, siyasət dindən ayrılsın" və ya "azadlıq olsun, ancaq İran Cümhuriyyəti qalsın”. Güney Azərbaycan Milli Hərəkatı isə “Haray, haray mən türkəm!”, “Təbriz, Bakı, Ankara, biz hara, farslar hara!”, “Azərbaycan bizimdir, Əfqanıstan sizindir!”, “Türk dilində mədrəsə!”, “Azərbaycan canımdı, ay-ulduz bayrağımdı!”, “And olsun Səttarxana, gərək Tehran odlana!”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” və s. şüarlar səsləndirir. Ümumiyyətlə, şüarlar bir hərəkatın istəklərindən irəli gəlir. “Yaşıl hərəkat” İran dövlətçiliyini yaşatmaq niyyətindədir, ancaq Güney Azərbaycan Milli Hərəkatı Azərbaycan dövlətini qurmaq istəyir. Ona görə də Güney Azərbaycan “yaşıl hərəkat”a qatılmadı. Milli varlığımızı məhv edən İran dövlətinin hər hansı modeli olursa-olsun, Milli Hərəkata və bizə düşməndir.
- Araz bəy, 2006-cı ilin may hadisələrinin iştirakçısı olmusunuz. Həmin günlərin canlı şahidi olaraq deyə bilərsinizmi bu 5 il müddətində nə dəyişib?
- Milli Hərəkat 85 ildir işğal olunan Azərbaycanın azadlığı üçün təcavüzkar farslarla mücadilə aparır. Ancaq 2006-cı ilin may hadisələri təkcə Azərbaycan deyil, bəlkə də İran deyilən yerin tarixində ən böyük üsyan və güclü etiraz hərəkatlarından biridir. Ona görə də inanıram ki, gələcəkdə Azərbaycan tarixində əhəmiyyətli yer tutacaq. Amma çox təəssüf ki, həmin vaxt təşkilatlarımız zəif olduğu üçün belə böyük hadisədən lazımi dərəcədə istifadə edə bilmədik. Azərbaycanın bütün şəhərlərində millətimiz ayaqlanmışdı. İran adlanan yerdə çoxluq təşkil edən Azərbaycan türkləri 2006-cı ildə milyonlarla soydaşımızın qatıldığı bir aksiya keçirdi. Təbii ki, 2006-cı ildən bəri Milli Hərəkatımızda çox inkişaf olub. Bu gün yüz minlərlə gənc onun fəallarındadır, baxmayaraq ki, fars rejimi hərəkatımızın güclənməsinin qarşısını milli fəallarımızı həbs etməklə və onlara işgəncələr verməklə almağa çalışır, ancaq onların bu hərəkətləri Milli Hərəkatımızın daha da güclənməsində əsas amil rolunu oynayır. Belə ki, hər dəfə millətimiz küçələrə çıxanda rejim öz haqlarını tələb edən insanları tutur və hər həbs zamanı millətin işğalçıya qarşı mübarizəsi güclənir. Belə olduqda da Güney Azərbaycan azadlığa daha bir addım yaxınlaşır. Diqqətlə Güney Azərbaycandakı Milli Hərəkatımızı izləsək görərik ki, orada verilən milli şüarlar millətimizin nə istədiyini və istəklərində nə qədər əzmli olduğunu göstərir. Diqqətimizi həbs olunanlara verdikdə görürük ki, İran rejimi bu gün zindanları azərbaycanlılar və digər qeyri-far millətlərinin siyasi fəallarıyla doldurub və hər gün də həbslər, təzyiqlər artir. Digər tərəfdən, Milli Hərəkat irançı hərəkata və İran islahat hərəkatına qarşı öz hərəkatının bağımsızlığını qoruyub. Əgər bu gün Güney Azərbaycan Milli Hərəkatı bütün siyasi sınaqlardan sağlam keçirsə, bu o deməkdir ki, hərəkatımız güclənib və mütləq qələbə qazanacaq.
- May hadisələrinin növbəti ildönümü yaxınlaşır. İstərdim təhlükəsizliyiniz imkan verdiyi qədər partiyanızın may hadisələrinin ildönümüylə bağlı planlarını oxucularımıza açıqlayasınız.
- Təbii ki, müraciətlərimiz olacaq. Çox yaxında partiyamızın rəsmi bəyanatı yayılacaq. Aksiyalarımızı güclü şəkildə gerçəkləşdirmək üçün daxildə (güney) və xaricdə yaşayan milli fəallarımızla və təşkilatlarla müzakirələr aparırıq. Bu il çalışacağıq ki, may hadisələrinin ildönümü Güney Azərbaycanın bütün şəhərlərində qeyd edilsin. Millətimizə açıq müraciətimizdə 22-28 may arasında olan müddəti “müqavimət həftəsi” kimi elan etmişik və soydaşlarımızdan bütün şəhərlərdə küçələrə çıxaraq fars işğalçılarına qarşı aksiya keçirmələrini istəmişik. İnşallah, yaxın zamanda Güney Azərbaycan öz istiqlaliyyətinə qovuşacaq və ən nəhayət Bütöv Azərbaycan yaranacaq.
Gün.Az