FRANSA PARLAMENTİNİN QƏRARI TANINMIŞ GÜNEY AZƏRBAYCANLI FƏALLARI TƏRƏFİNDƏN SƏRT TƏNQİD EDİLDİ


İlk öncə onu bildirməliyik ki, Fransa parlamentinin aşağı palatasının “Erməni soyqırımı”nı inkara görə cəza tətbiq ilə bağlı qanunun qəbulu Türkiyədə Qərbə olan münasibətə böyük zərbə vurdu.

Bu sözləri Gün.Az-a Türkiyənin tanınmış politoloqu, əslən Güney Azərbaycandan olan Arif Kəskin bildirib.
“Bu günə kimi, Fransa özünü dünyada insan hüquqlarının və liberalizmin qibləgahı olaraq təqdim edirdi və bu addımı ilə o, öz imicini ciddi şəkildə zədələdi. Xüsusilə, bu qərar Türkiyədə Qərbə olan münasibətə böyük bir zərbə vurdu.
Həmçinin, Fransanın bu addımı Azərbaycan cəmiyyətinə mənfi təsir edəcək. Əsas da qərarın Azərbaycanda radikal dini cərəyanların inkişafına səbəb olacağı şübhəsizdir”, - deyə, politoloq qeyd etdi. Bu qanunun qəbulu Güney Azərbaycanda nifrətlə qarşılanıb. Bu sözləri isə Güney Azərbaycan İstiqlal Partiyasının Hollandiya təmsilçisi, ekspert Araz Ataxan bildirib. “Güney Azərbaycan türk dünyasının bir parçasıdır və ona görə də Türkiyəyə qarşı olan bu təzyiqlər Güney Azərbaycana qarşı olan təzyiqlər kimi qəbul edilir. Bu qərar eyni zamanda Fransanın dünyada olan demokratik imicinə zərbə vurur və nə qədər ki, gec deyil, Paris bu addımdan geri çəkilməlidir”, - deyə, A.Ataxan söylədi.
Güney Azərbaycan İstiqlal Partiyasının İsveç təmsilçisi, tanınmış milli fəal Səməd Fərtaş isə bu məsələnin arxasında erməniləri dəstəkləməkdən daha çox, Fransanın öz siyasi maraqlarının durduğunu qeyd etdi:
“Fransa bölgədə Türkiyənin artan nüfuzundan çəkinir və buna erməni kartı ilə cavab vermək istəyir. Fransalı parlamentarilər bilməlidirlər ki, bu hadisə Güney Azərbaycan türklərini Türkiyə qardaşlarını daha da güclü şəkildə müdafiə etməsinə səbəb olacaq”, - deyə, milli fəal vurğuladı.
Elnur Eltürk Gün.Az