İRAN GENERALININ BƏYANATINA SİYASİ EKSPERTLƏRDƏN SƏRT CAVAB


İran Azərbaycanı qarışdırmaq istəyir və Firuzabadinin açıqlaması bir daha göstərdi ki, İran rejiminin mayası Azərbaycan düşmənçiliyi üzərində yoğurulub.


Bunu Gün.Az-a Türkiyədən İran məsələlər üzrə tanınmış politoloq Arif Kəskin, İran ordusunun Baş Qərargah rəisi general Həsən Firuzabadinin Azərbaycanla bağlı bəyanatına münasibət bildirərkən deyib.

“İran özünü dinin tərəfdarı olaraq göstərsə də, ancaq heç bir zaman səmimi davranmayıb. Bu qədər dinə və İslama bağlılıqları varsa, onda niyə rejim Ermənistan-Azərbaycan müharibəsində Ermənistanı müdafiə edir. Ermənilər müsəlman azərbaycanlıları qətliama məruz qoyanda İran harada idi? Xocalı soyqırımında İran niyə səssiz qalaraq, Ermənistana dəstək verdi? İran rejimi dindarlıqda səmimi olsaydı, Şuşa və Laçının Ermənistanın əlinə keçməsi üçün Ermənilərə yardım etməzdi.
İslam və dinə bu qədər inanırlarsa, niyə Azərbaycanı öz tarixi torpaqları olaraq göstərirlər? İnanmıram ki, bu sualların cavabını İran rəsmiləri cavablandırsınlar” - deyə, politoloq bildirib.
Onun fikrincə, İran rejimi dindən sui-istifadə edərək Azərbaycana təzyiq göstərmək istəyir.
Politoloq hesab edir ki, Firuzabadinin danışığı bir daha göstərdi ki, İran rejiminin mayası Azərbaycan düşmənliçiliyi üzərində yoğurulub.
Hollandiyadan Güney Azərbaycan İstiqlal Partiyasının funksioneri, siyasi ekspert Araz Ataxan isə hesab edir ki, Həsən Firuzabadinın açıqlaması müstəqil Azərbaycana qarşı siyasi-ideoloji müharibə elanıdır.
“Quzey Azərbaycanı “aran” adlandırılması və Azərbaycan türklərini iranlı kimi təqdim etməsi, İranın yalançı tarixi nəzəriyyəsinin tərkib hissəsidir. İran Azərbaycan güclənməsindən və müstəqil siyasət yürütməsindən bərk narahatdır. Ona görə, belə açıqlamalar verilir” - deyə, partiya funksioneri qeyd etdi.
İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı öz növbəsində bildirib ki, İran islam adını ləkə dövlətdir və siyasətə görə, dini dəyərləri alət ediblər.
“Həsən Firuzabadinin ölkə prezidentinə hədəsi İran siyasi hakimiyyətinin əsl mahiyyətini göstərir. Bir müddət bundan öncə ayətullahlar tərəfindən hədələr gəlirdi, bunun ardınca isə, İranın hərbi rəhbərliyi bu hədələri davam etdirir” - deyə, partiya sədri iranlı generalı sərt tənqid etdi.
Elnur Eltürk
Gün.Az